Ermənilərə qızıl toqqa satmayan azərbaycanlı alim

Azərbaycanın arxeologiya sahəsində xüsusi xidmətləri olan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologoya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin bu il avqust ayının 16-da 70 yaşı tamam oldu. Hamıdan, çoxundan xəbərsiz. Yalnız ailə üzvləri və yaxın dostları istisna olmaqla, bu yubiley haqda mətbuatda heç bir məlumata rast gəlmədim.

Quba məzarlığı ilə bağlı xüsusi araşdırmalar və yazılar hazırlayarkən çox yaxşı tanıdığım bu alimin nə az, nə çox, düz 45 il əmək stajı var. Azərbaycan ictimaiyyətində xüsusi səs-küy yaradan bütün arxeoloji hadisələrdə Qəhrəman Ağayevin xidməti var. Qoy birini də deyim. Quba məzarlığından sonra Bakıda 26-ların məzarlarının Hövsan qəbristanlığına köçürülməsi ilə bağlı yaradılmış hökumət komissiyasının tərkibində Qəhrəman müəllim də olub.

Bu haqda növbəti yazımda danışacağam. Hələliksə cənab Ağayevlə birgə ötən əsrin yetmişinci illərinin sonuna qayıdaq. Həmin illərdə ermənini yerində oturtmaq asan məsələ deyildi. Özü də Rusiyada. O vaxt SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışan Qəhrəman Ağayev ermənilərin arzusunu gözündə qoyub.

Necə? 1979-cu ildə Rusiyanın Stavropol diyarında qədim bir kurqanı tədqiq eləmək azərbaycanlı arxeoloq Ağayevə tapşırılır. Qazıntı zamanı oradan qaşı kəhraba olan qızıl toqqa aşkar edilir. Sənədləşmədən sonra toqqa Stavropol diyar tarix muzeyinə təhvil verilir və o qiymətli tapıntı Azərbaycandan olan Qəhrəman Ağayev tərəfindən aşkar olunması barədə məlumatla birgə muzeydə indi də saxlanılır.

Qəhrəman Ağayev arxeoloji qazıntı zamanı tapılan qızıl toqqanı o vaxt ermənilərə satmayıb. Hələ bir il əvvəl – 1978-ci ildə diş həkimi olan ermənilərlə təsadüfi tanış olan Ağayevə ermənilər bu ərazilərdə çoxlu qızıl olduğunu deyiblərmiş və təklif ediblərmiş ki, nə tapsan, bizə sat… rusu neynirsən?.. Azərbaycanlı arxeoloq bir il sonra həqiqətən qazıntı zamanı qızıl toqqa tapır və dövlətə təhvil verir. Bunu eşidən ermənilər təkrar onun yanına gələrək Ağayevi məzəmmət edirlər: “Zemlyak, tı çto sdelal? (Yerli, sən nə etdin?) Biz sənə QAZ-24-10 verəcəkdik, 10 min manat pul verəcəkdik”.

Cavabında isə Qəhrəman Ağayev erməni dəllallarına tutarlı və kəskin cavab verib: “Mən sizin kimi maxinasiya edə bilmərəm. Mən vicdanımı heç nəyə satmaram. Bilirsiniz – niyə? Çünki mən türk oğlu türkəm”. Qəhrəman Ağayev deyir ki, “o hadisədən sonra mən ermənilərlə əlaqəni kəsdim. O vaxt QAZ-24 çox baha maşın idi, özü də yeni 10 seriyası. Üstündə də 10 min pul. Təbii ki, mən nə pula, nə də maşına vicdanımı satmazdım.”

Arxeoloqun sözlərinə görə, hələ sovet dövründə – özü də Rusiyada ermənilərin iç üzünü görüb. Onların nə cür torpaq, var-dövlət hərisi olduqlarınun canlı şahidi olub. Quba məzarlığında onların vəhşiliyinin canlı nümunəsi olan kütləvi məzarlıqda günahsız insan sümüklərini tədqiq edəndə də ermənilərə güclü nifrəti olub. Onların tarixən və hansı ölkədə olmalarından asılı olmayaraq, torpaq və qənimət oğruları olmasının 2007-ci ildə Quba məzarlığında bir daha əyani şahidi olub.

Ömrünün 70-ci baharını adlayıb 71-ciyə qədəm qoyan Qəhrəman Ağayev ermənilərə toqqa satmaq istəməməsini indiyədək heç yerə açıqlamayıb. Eksklüziv olaraq İstiPress-ə danışdı bu barədə. Dediyim odu ki, belə bir fədakar alimimiz 70 illik yubileyində diqqətdən kənarda qaldı… Pandemiya səbəbindən hər hansı tədbir mümkün olmasa da, yaşadığı evdə bir gül dəstəsi ilə sevindirmək olardı bu ermənilərlə tarix yazan arxeoloqumuzu. Biz isə diqqətdən kənarda qoymuruq Qəhrəman Ağayevi… Cansağlığı və yeni uğurlara imza atmağı arzulayırıq ona.

Mənbə:istipress.az