Ətraf mühitin qorunması və  ekoloji hüquqpozma

  Son illər respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrinin inkişaf etməklə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına göstərilən dövlət qayğısı və bu istiqamətdə atılmış müxtəlif səpkli addımlar təqdirəlayiqdir.Eyni zamanda, səmərəli idarəetmə sisteminin yaradılması nəticəsində keçmişdən miras qalmış ekoloji problemlər aradan qaldırılır, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılır.

Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq qarşıda duran əsas hədəflərdən biridir. Həmçinin qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, ölkəmizdə fəaliyyət göstərən QHT-lərin prosesdə səmərəli fəaliyyətini təşkil etmək  Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.  Ölkəmizdə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülməkdədir. Tullantıların idarə olunması da həyata keçirilən tədbirlərin tərkib hissələrindən biridir.

Azərbaycan Respublikası Prezidentinin yanında QHT -lərə Dövlət Dəstəyi Şurası da ekoloji təhlükəsizliyin təmin olunması daim diqqət mərkəzində saxlayır. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi kimi uğurla həyata keçirilir.

Həyata keçirilən ardıcıl tədbirlərə baxmayaraq bəzən rastlaşdığımız mənzərələr vətəndaşlarımızın hələ də ekoloji təhlükəsizliyə laqeyd yanaşdığını ortaya çıxarır. Onlar unudurlar ki, konstitusiyamızın 78-ci maddəsində deyildiyi kimi “Ətraf mühiti qorumaq hər kəsin borcudur”. Hər bir vətəndaş yaşadığı və fəaliyyət göstərdiyi ərazidə təbiəti qorumalı və onu sevməlidir. Hər bir vətəndaşın sağlam mühitdə yaşamaq hüququ vardır. Dövlət ekoloji tarazlığın qorunmasına, yabanı bitki və heyvanların qanunla müəyyən edilmiş növlərinin mühafizəsinə təminat verdiyi kimi, insanların da ekolologiyanın mühafizəsinə məsuliyyətlə yanaşması mütləqdir.

Azərbaycan Respublikasının qanunvericiliyində təbiətin mühafizəsi, ekoloji tarazlığın pozulması və ətraf mühitin təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra qadağalar nəzərdə tutur və hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 25-ci fəsli məhz ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsindən ekoloji hüquqpozmalara daha çox yol verilən bəzi maddələri bilmək vacibdir.

Maddə 234.Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması

Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması

Maddə 244-1. Əkin yerinin yandırılması,

Maddə 253.Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi

Qeyd:

1.Bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2.Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir.

3.Bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.

Maddə 262. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması

Maddə 265. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması

Maddə 266. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması

Maddə 272. Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması

Deməli, ətraf mühütlə bağlı verilən məlumatların məqsədi təbiəti və təbii resursları qorumaq olmalıdır. Verilən ekoloji biliklər insanların davranışına da müsbət təsir göstərilməlidir. Düzgün mariflənən insanlar ətraf mühüt problemlərinin həllində aktiv mövqe tutaraq gələcək nəsillər üçün ekoloji təmiz bir mühüt yaratmış olar.Unutmayaq ki, təmiz və təhlükəsiz ətraf mühitdə yaşamaq hər bir kəsin konstitusiyon hüququdur. Gəlin hamımız birlikdə hər kəsin bu hüquqna hörmət edək və təbiəti qoruyaq!

 İnqlab Şirinsoy (Şirinov)

QEYD:Bu məqalə ”Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi“Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” layihəsi çərçivəsində hazırlanıb.