Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi, Azərbaycan Dillər və Bakı Avrasiya universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində “Qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn seminar təşkil edib.
Tədbirdə çıxış edən BƏƏ-in Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi ölkəsinin qadın hüquqlarına dair Mili Strategiyası barədə ətraflı məlumat verib. Bildiirb ki, mərhum Şeyx Zayed bin Sultan əl-Nəhyanın dövründə, qurulduğu gündən etibarən BƏƏ müxtəlif siyasi, iqtisadi və sosial sahələrdə, xüsusilə də böyük və sürətli dəyişikliklərin şahidi olub, qadınlara dair məsələlər, onların cəmiyyətdə iştirakı və qadınların hüquqlarının genişləndirilməsinə xüsusi diqqət yetirilib. Vurğulayıb ki, BƏƏ-nin konstitusiyası bütün vətəndaşları üçün bərabər hüquqlara zəmanət verir və BƏƏ-də qadınlar kişilərlə eyni hüquqi statusa malikdirlər, onların mülkə sahib olmaq, təhsil almaq və əmlaka varis olmaq hüququ kişilərlə eynidir. Dünya Bankının “Qadınlar, Biznes və Hüquq üzrə 2020” hesabatında BƏƏ-nin dünyanın ən yaxşı on iqtisadiyyatı arasında yer aldığı və gender bərabərliyi indeksində ən böyük irəliləyişə nail olduğu bildirilib.
“Birləşmiş Ərəb Əmirliklərində 1975-ci ildə Əlahəzrət Şeyxa Fatimə bint Mübarək tərəfindən Ümumi Qadınlar Birliyinin təsis edildiyi gün – 28 avqustda BƏƏ Qadınları Gününü qeyd edir”, – deyə Əl-Şəmsi bildirib.
O, həmçinin, əlavə edib ki, BƏƏ humanitar böhranlarda həyata keçirilən özünün maliyyələşdirdiyi bütün humanitar proqram və layihələrin bir hissəsi olaraq, qadınların və qızların müdafiəsinə Əmirliklərin öhdəliyini artırmaq məqsədi daşıyan “100 faiz Qadınlar” siyasəti də hazırlayıb.
Filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova çıxış edərək, mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ile bağlı aparılan tədbirlər bugün önəmli yerlərdən birini tutur. Azərbaycanda da son illərdə bu istiqamətdə intensiv işlər görülür.
Ü.Hüseynova seminarın təşkilində tələbələrin roluna toxunub və fürsətdən istifadə edərək gənc nəslin gender rolları barəsində daha ədalətli fikirlərinin formalaşmasını hədəfləyən bu mühüm təşəbbüsə görə BƏƏ səfirliyinə təşəkkür edib.
Tədbir ərəbdilli tədqiqatçıların çıxışı ilə davam edib.