10 yaşında deportasiya olunan Nazlı Qurbanovanın acı xatirələri…-FOTO

Ömrün ən qayğısız dövrü uşaqlıq illəri sayılsa da, erməni məkri ucbatından neçə-neçə Qərbi azərbaycanlının taleyinə bu mərhələni ağrı-acı ilə keçmək nəsib olub. Bu uşaqların zərif çiyinlərinə qaçqın adının ağırlığı yüklənib, ürəklərinə göz açıb, qoynunda böyüdükləri yurd yerindən ayrılığın dağı çəkilib. Onların gözü də, könlü də Qərbi Azərbaycanda qalıb. Belə soydaşlarımızdan biri də Nazlı Qurbanovadır.

AZƏRTAC-ın bölgə müxbiri Gəncə şəhərində yaşayan, Gəncə Dövlət Universitetinin əməkdaşı olan Nazlı xanımla görüşüb, onun acılı-şirinli uşaqlıq xatirələrini dinləyib.

Nazlı Qurbanova 1978-ci ildə Göyçə mahalının Basarkeçər rayonunda, Əzizli kəndində dünyaya göz açıb. Ermənilərin azərbaycanlıları deportasiyası nəticəsində doğma kəndini tərk etmək məcburiyyətində qalanda isə sadəcə 10 yaşı olub. Deyir ki, Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının cənubunda yerləşən kəndin yaranması XVIII əsrin əvvəllərinə təsadüf edir. Bu yaşayış məntəqəsi 1935-ci ilədək Qaraqoyunlu, sonradan Əzizli adlandırılıb. Ötən əsrin sonlarında Əzizlidə 400-ə yaxın azərbaycanlı ailə yaşayıb. “Bu ailələrdən biri də biz idik. Atam kənd məktəbində müəllim işləyirdi, anam isə kolxozçu idi. 7 uşağı öz zəhmətləri hesabına böyüdürdülər. Korluq çəkmirdik, valideynlərim digərləri kimi taxılçılıq, tütünçülük və heyvandarlıqla da məşğul olurdu. Həyətlərdə hasar belə yox idi, kənddəki ailələr bir-birləri ilə çox mehriban idilər. Şən-firavan dolanırdıq. Heyf ki, ömrümün sadəcə ilk 10 ilini doğma yurdumuzda yaşaya bildim”, – deyən Nazlı xanım hələ də yuxularında Əzizlini, oradakı uşaqlıq dostlarını gördüyünü bildirir.

O, kəndlərinə aid gözəl xatirələri tez-tez yada salır, həmin xoşbəxt günlər üçün darıxır. “Kəndimizdəki kitabxananı, uşaq bağçasını, tibb məntəqəsini, məktəbimizi hələ də xatırlayıram. İki tərəfi xırda dağlıq silsilə, iki tərəfi isə düzənlik olan Əzizlidə çay axırdı, yüksəkliyə çıxanda Göyçə mahalı rahatlıqla görünürdü. Yaşıdlarımla dağa qalxırdıq, gözəl mənzərəni doyunca seyr edərdik. Orada üç bulaq var idi, onların soyuq, duru suyundan içərdik. Dağların arasındakı balaca gölü, üzərində üzən quşları izləməyi çox xoşlayırdıq. Oralardan quzuqulağı, əvəlik, bənövşə, nərgiz gülü yığıb, evə gətirirdik”, – deyə gözləri dolan Nazlı xanım o günləri xatırlayır.

Onun sözlərinə görə, xoşbəxt uşaqlıq dövrü çox çəkməyib. O zaman nə baş verdiyini tam anlamayan Nazlı Qurbanova sonradan atasının nəql etdikləri ilə əsl həqiqətdən agah olub. “Biz 1988-ci ildə kəndimizdən zorla çıxarıldıq. Rəhmətlik atam danışardı ki, Əzizlidə ermənilər yaşamasalar da, xüsusən deportasiyadan əvvəlki illərdə onların türkə necə nifrət bəslədiklərinin şahidi olublar. Valideynlərim alış-veriş üçün rayon mərkəzinə gedəndə erməni satıcılar azərbaycanlılara mal satmaqdan imtina edirlərmiş. “Buraları sizdən alacağıq, özünüz çıxıb gedin”, – deyib onlara təzyiq göstərirlərmiş. Ermənilər biləndə ki, atam müəllimdir, deyirlərmiş ki, tezliklə işini dağların o tərəfində davam etdirməli olacaqsan. Onlar vəzifədə olan azərbaycanlıları sıxışdırıb, işlərindən edirlərmiş”, – deyə həmsöhbətim vurğulayır.

Atası Rza kişinin qızına dediyinə görə, 1987-ci ilin sonlarında Qafandan Qərbi azərbaycanlıların çıxarılması ilə ermənilərin azərbaycanlılara yaşadıqları kəndləri tərk etmək barədə xəbərdarlığı daha da sərtləşib. Hər gün ermənilərin haradasa bir haqsızlıq, vəhşilik törətməsi barədə bəd xəbər alan insanlar talelərinin necə olacağından nigaran idilər. Buna baxmayaraq, son ana qədər ailələrini, kəndlərini qoruyub, saxlamağa çalışıblar. Daşnaklar isə mülki, günahsız, silahsız azərbaycanlılara hər yolla divan tutaraq, onları öz yurdlarından didərgin salmaq üçün əllərindən gələni ediblər: “Son günlər kənddə heç kəsi iş yerinə buraxmayıblar. Hər yerə, mağazaya belə qıfıl vurmuşdular. Ermənilər hədə-qorxu gəlirlərmiş ki, kənddən çıxmasaq, bizi bir gecənin içərisində öldürəcəklər. Atam kəndin kişiləri ilə birgə gecələr tonqal yandırıb, keşik çəkirdi. Bizə də yatmağa imkan vermirdi ki, ehtiyac olarsa, evi tərk edə bilək. Uşaq ağlımızla xalçaya bükülüb evdə gizlənmək haqqında düşünürdük, kəndə hücum olarsa, xilas olmağın yollarını axtarırdıq”, – deyə Nazlı xanım qeyd edir.

Ermənilərin təzyiqinə, hədə-qorxusuna tab gətirməyən kənd əhalisi bir neçə saatın içərisində evlərini, mal-mülkünü, hətta geyimlərini belə qoyub, qaçmalı olublar. Kəndi tərk edərkən ermənilərin azərbaycanlıların olduğu maşınlara atəş açması da 10 yaşlı qızcığazın yaddaşına acı və qorxu dolu anlar kimi yazılıb: “Daşnaklar kənddə bir neçə evə od vurdular, biz birtəhər qaça bildik, 3 qardaşım isə dağlarda gizlənmişdi, onları tapa bilmirdik. Atam bizi Kəlbəcərə keçirib, onların dalınca yollandı. Qardaşlarımın yerini tapandan sonra onlarla birgə bizim yanımıza qayıtmışdı. Deyirdi ki, gedəndə vəhşi ermənilərin kənddəki hər yeri, evləri darmadağın etdiklərini görüb. Göyçə mahalındakı kəndləri, Əzizliyə yaxın Ağkilsəni, Zodu, Aşağı Şorcanı, Zərkəndi də xaraba qoymuşdular. Biz abad etdiyimiz yerləri, o nadanlar bərbad etdilər”.

Nazlı Quliyeva doğma yurduna geri dönəcəyinə inandığını, o torpaqlara yenidən isti nəfəs qayıdacağına əmin olduğunu deyir. Onun sözlərinə görə, Qarabağa qayıdış kimi Qərbi Azərbaycana qayıdış da gec-tez reallaşacaq.

Qeyd edək ki, Qərbi azərbaycanlıların doğma yurdlarından deportasiyası 3 mərhələdə – 1918–1920-ci, 1948–1953-cü və 1987–1991-ci illərdə həyata keçirilmişdir.

     

Vüsalə Cənnətova