XIX əsrin ortalarından başlayaraq mühüm strateji region kimi tədqiq edilən Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın unudulmuş mayakları barədə ərəb portallarında məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Misirin “Yeni dünya xəbərləri”, Əlcəzairin “Cəzairinfo”, İraqın “Əfkarhura” və “Kitabat” portallarında yayımlanan məqalədə Xəzər dənizindəki 9 mayak barədə ətraflı məlumat verilib. Yazının müəllifi, suriyalı türkmən tədqiqatçı Muhtar Fatih Beydili ərəbdilli oxucuların diqqətinə çatdırıb ki, Xəzər dənizini işıqlandıran və gəmilərə yol göstərən mayaklar XIX əsrin ortalarında aparılan sistemli tədqiqatlar nəticəsində hazırlanan və 22 xəritədən ibarət olan yeni atlasda əks olunub.
Məqalədə elmi-tədqiqat əsərlərinə istinadla qədim tikililər üzərində quraşdırılmış və XIX əsrə aid olan “Abşeron”, “Lənkəran”, “Amburan”, “Nargin”, “Çilov”, “Astara”, “Kür” mayakları barədə geniş məlumat verilib.