Əlcəzairli jurnalist Tahir Suhayliyə nüfuzlu “Hadat Post” qəzetində “Azərbaycan UNESCO ilə dinamik və möhkəm mədəni əlaqələrə yüksək qiymət verir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyi qeyd edilib. Müəllif diqqətə çatdırıb ki, Bakı mədəniyyətlərarası dialoqun inkişafında UNESCO-nun əsas tərəfdaşlarından biridir. Eyni zamanda, yoxsul ölkələrdən tələbələrin təhsilinə şərait yaradan Azərbaycan ötən il təşkilatın təsis etdiyi Qlobal Təhsil Koalisiyasına qoşulmaq niyyətini ifadə edib.
Əlcəzairli jurnalist diqqətə çatdırıb ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərində mədəni irsi məhv və talan edib. İşğalçı dövlət bu günədək həmin ərazilərin mina xəritələrini təqdim etmək istəmir və bu, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına əngəl törədir. Rəsmi Bakı bu qanunazidd əməllərə dəfələrlə etirazını bildirib və işğaldan azad edilmiş ərazilərə UNESCO-nun texniki missiyasının göndərilməsi ilə bağlı müraciətlər ünvanlayıb. Artıq Azərbaycan hökuməti dağıdılmış tarixi-mədəni abidələrin bərpası prosesinə başlayıb və bu sahədə təşkilata sıx əməkdaşlıq etməyi təklif edib. Hər iki tərəf missiyanın səmərəliliyi ilə əlaqədar bir sıra texniki, hüquqi və siyasi məsələlər barədə razılıq əldə ediblər.
Məqalədə qeyd olunub ki, Azərbaycan UNESCO-nun İcraiyyə Komitəsinə üzv seçilib. Növbəti ildə, həmçinin Azərbaycanın bu təşkilata üzvlüyünün 30 illiyi və UNESCO-nun 75 illiyi qeyd olunacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə