Əlcəzairli hüquqşünas: Rəsmi Bakının Ermənistanı məhkəməyə verməsi beynəlxalq hüquq normalarına uyğundur

Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru Yusif Xori “Əl-Vasit Əl-Mağaribi” qəzetində “Azərbaycan irqi ayrı-seçkilik və etnik təmizləmə ittihamı ilə Ermənistanı beynəlxalq məhkəməyə verəcək” sərlövhəli məqalə ilə çıxış edib.

Əlcəzairli professor qeyd edir ki, Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə rəsmi Bakının Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət etməsi beynəlxalq hüquq normalarına uyğundur. O əlavə edib ki, universal cinayət hüquq proseduralarına uyğun olaraq, Azərbaycanın Ermənistandakı ayrı-ayrı şəxslər barədə də insanlığa qarşı törədilmiş cinayət ittihamı ilə məhkəməyə müraciət etmək hüququ var.

AZƏRTAC xəbər verir ki, uzun illər hüquqşünaslıq sahəsində çalışan Y.Xori məhkəmədən əvvəl bütün dünyada ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törədikləri cinayətləri ifşa edən faktları əks etdirən sərgilərin və konfransların təşkil olunmasını təklif edib. O vurğulayıb ki, cinayətkarların cəzalandırılması və ədalətin zəfər çalması qətlə yetirilmiş minlərlə mülki şəxsin ruhunun rahatlıq tapması, evləri dağıdılmış, əlil olmuş, yaxınlarını itirmiş insanların hüquqlarının bərpası baxımından vacibdir.