Əlcəzairin “Echoroukonline.com” saytında azərbaycanlı şərqşünas Həşim Məmmədovun “Azərbaycan-Əlcəzair əlaqələri uğurla inkişaf edir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin yaranmasının tarixindən bəhs olunur. Qeyd edilir ki, Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin qədim tarixi var. İki ölkənin əlaqələri qədim tarixə, ortaq islami dəyərlərə, mədəniyyətə və adət-ənənələrə əsaslanır.
Diqqətə çatdırılıb ki, Sovet İttifaqı dönəmində Azərbaycanın paytaxtı Bakıda yerləşən Neft-Kimya, Tibb institutlarında, Ali Hərbi Dənizçilik Məktəbində və digər təhsil ocaqlarında əlcəzairli tələbələr təhsil alıblar. Azərbaycan Ermənistan üzərində Qələbə qazandıqdan sonra Əlcəzairin ölkəmizə marağı yenidən artıb. Azərbaycanın bu Qələbəsi əlcəzairliləri heyran edib. Azərbaycan və Əlcəzair səfirlikləri dövlətlərimiz arasında əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirir.
Əlcəzair ilə Azərbaycan arasında media sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilən məqalədə vurğulanır: “Əlcəzairin nüfuzlu xəbər portallarının Azərbaycan haqqında yaydıqları məqalələr və xəbərlər bunun bariz nümunəsidir. Xüsusilə müharibə dövründə bu ölkənin bir çox mətbu orqanı Azərbaycanın möhtəşəm Zəfəri haqqında məlumatları geniş işıqlandıraraq əlcəzairli oxucuları məlumatlandırıb. AZƏRTAC ilə Əlcəzair KİV-i arasında əməkdaşlığın qurulması və informasiya mübadiləsinin aparılması ölkələrimiz haqqında daha obyektiv və dürüst məlumatların yayılmasına şərait yaradıb. AZƏRTAC bir sıra beynəlxalq və regional media qurumları, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi çərçivəsində Əlcəzair Xəbər Agentliyi (APS) ilə əməkdaşlıq edir”.
Yazıda bildirilib ki, Azərbaycanın Əlcəzairdə diplomatik nümayəndəliyi iki dövlət arasındakı münasibətlərin inkişafına böyük töhfə verir.