Əlcəzair qəzetində Türk Şurasının VIII Zirvə Görüşü haqqında məqalə dərc edilib

Əlcəzairin “Əl Şuruğ” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Türk dövlətləri arasındakı bütün yollar bu coğrafiyanın arteriyasına çevriləcək” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Türkdilli Dövlətlər Şurasındakı uğurlu fəaliyyəti, yeni adı ilə Türk Dövlətləri Təşkilatının əhatə etdiyi bölgənin strateji əhəmiyyəti qeyd olunub. Zirvə Görüşü barədə əlcəzairli oxuculara müfəssəl məlumat verən diplomatımız vurğulayıb ki, Azərbaycanın 44 günlük müharibədə Qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi türk dünyasında da canlanma yaradıb, regionda sülh və sabitliyə yol açıb.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini, ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə dövlətimizin başçısının böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə