Əlcəzairin “Əl Şuruq” nəşri Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Rəfail Bağırovun 27 sentyabr – Anım Günü ilə bağlı məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin Anım Gününün təsis edildiyi diqqətə çatdırılıb.
Diplomat Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalının müharibə cinayətləri, dağıntılarla nəticələndiyini diqqətə çatdırıb. O vurğulayıb ki, işğalçı dövlət bu müddətdə ərazilərin dərhal və qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 3 qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA, Avropa Parlamentinin qərarlarına və s. sənədlərə məhəl qoymayıb. Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqları düşməndən azad edib.
Dinc əhalini və yaşayış məntəqələrini hədəf alan düşmən Gəncə, Tərtər, Goranboy, Ağcabədi və digər şəhərləri bombardman edib, Azərbaycan Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən Bakı və Xızıya atılan raketlər zərərsizləşdirilib. Ermənistanın bu müharibə cinayəti nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən 11 uşaq həlak olub, 450-dən artıq dinc sakin yaralanıb, 12 min mülki obyekt və evlərə ciddi ziyan dəyib. Lakin beynəlxalq hüquq normalarına əməl edən Azərbaycan Silahlı Qüvvələri düşmənin bu vəhşiliyinə cavab verməyib, mülki əhali ilə hərbi obyektlər arasında fərq qoyulması prinsipinə riayət edib.
Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan müharibə zamanı xarici ölkələrdən gətirdiyi muzdlulardan istifadə edib. Müəllif bildirib ki, ordusu darmadağın olan düşmən tərəfi 2020-ci il noyabrın 10-da kapitulyasiya sənədini imzalamağa məcbur edib. Beləliklə, Azərbaycan öz ərazilərini işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirib. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və Prezident İlham Əliyevin Sərəncamı ilə həmin ərazidə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Dövlətimizin başçısı bu günlərdə BMT Baş Assambleyasının tribunasından müraciət edərək, təşkilata üzv dövlətləri Azərbaycan ərazilərinə aid qanunsuz və siyasi cəhətdən ədalətsiz adlardan istifadə etməməyə çağırıb.
R.Bağırov Əlcəzair ictimaiyyətinə ermənilərin Azərbaycan ərazilərində törətdikləri barbarlıq aktları, Ağdamın tamamilə viran qoyulması, şəhər və qəsəbələrin dağıdılması, məscidlərin məhv edilməsi və ya təhqir olunması barədə ətraflı məlumat verib. O əlavə edib ki, indi işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Məqalədə 44 günlük müharibədə qardaş ölkələr – Türkiyə və Pakistanın ölkəmizə dəstəyi, habelə Əlcəzair Universiteti tələbələrinin xalqımıza dəstək mitinqi keçirmələri barədə də məlumat verilib.
Sonda vurğulanıb ki, Anım Günü, eyni zamanda, Azərbaycan xalqının qürur günüdür.