Əlcəzairin “Əl Hərir” portalında İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli İnformasiya Agentlikləri Birliyinin (UNA) bu il noyabrın 15-17-də Əbu-Dabi şəhərində təşkil olunacaq Qlobal Media Konqresi ilə bağlı təqdimatı haqqında AZƏRTAC-ın ərəb dilində xəbəri yayımlanıb.
Materialda qeyd olunub ki, UNA-ya üzv olan 40-dan çox agentliyin rəhbərləri və nümayəndələrinin qatıldığı onlayn formatında keçirilən tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın Şura üzvü Aslan Aslanov iştirak edib.
Ərəbdilli oxuculara məlumat verilib ki, UNA-nın Baş direktorunun vəzifələrini icra edən Məhəmməd Əbd Rabbi Əl Yami “Media sənayesinin gələcəyinin formalaşması” mövzusunda keçiriləcək Qlobal Media Konqresinin dünyada informasiya sənayesi ilə tanışlıq və cəmiyyətlərin davamlı inkişafında əsas amilə çevrilən bu sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün mühüm qlobal platforma hesab edildiyi, tədbirə 200-dən artıq media qurumunun rəhbərinin, 1200-dən çox nümayəndənin qatılacağı barədə məlumat verib.