Əlcəzairin “Əl Şuruğ” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 20-də sovet hərb maşınının Bakıda Ermənistanın təcavüzünə qarşı etiraz etmək üçün meydanlara çıxan dinc sakinlərə qarşı törətdiyi qırğınların səbəb və nəticələri barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, 32 il əvvəl baş vermiş bu faciə tarixdə insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qalıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini, möhkəm iradəsini sarsıda bilmədi. Əksinə, azərbaycanlılar öz hüquqları, torpaqları və suverenliyi uğrunda daha qətiyyətli oldular. Həmin ağır günlərdə Moskvada yaşayan, uzun illər Azərbaycana rəhbərlik etmiş və Sovet İttifaqının rəhbərlərindən biri olmuş ümummilli lider Heydər Əliyev respublikamızın daimi nümayəndəliyinə gələrək, bu qanlı faciəni törədən sovet rejimini ifşa etdi, öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də ilk dəfə Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Lakin həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə başı qarışmış dairələr xalqımıza qarşı törədilmiş bu ağır cinayətin araşdırılması və günahkarlarının cəzalandırılmasına biganə qaldılar. Yalnız dahi siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Məqalənin sonunda qeyd edilib: “Bu gün biz dahi siyasi xadim Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsini böyük iftixar hissi ilə anırıq. Həmin qəhrəmanlıq dastanı 30 ildən sonra yenidən yazıldı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizi erməni işğalından azad etdi və regionda yeni reallıq yarandı. İndi azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmağa hazırlaşırlar”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə