Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?! Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır.
Xəbər verdiyimiz kimi martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ailənin yeganə övladı olan Ş.Əlibəyli subay idi. 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib.
Şəhidimizin valideyinlərinə, əzizlərinə və Xanlar müəllimə Uca Allahdan səbr diləyirik.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Samir Mustafayev