Səudiyyə Ərəbistanı, Bəhreyn krallıqlarında və Oman Sultanlığında yaşayan soydaşlarımızın 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar virtual anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Səudiyyə Ərəbistandakı əlaqələndiricisi, Ər-Riyad şəhərindəki “İmam Abdulrahman Al Faisal Hospital”ın həkim cərrahı, professor İfrat Bəkirovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev, diaspor fəalları Emilya Mütəlibzadə (Oman), Mətanət Duyğulu, Kəmalə Məcidli, Rüfət Tarıverdiyev (Səudiyyə Ərəbistanı) çıxış ediblər.
20 Yanvar faciəsini xalqımızın ən şərəfli səhifələrindən biri adlandıran tədbir iştirakçıları bu hadisəni ölkəmizin müstəqilliyinin və suverenliyinin bərpasının başlanğıcı kimi səciyyələndiriblər. Azərbaycanın böyük oğlu Heydər Əliyevin həmin dövrdə əsl cəsarət və liderlik nümayiş etdirərək, ən ağır dönəmdə xalqımızın və diasporumuzun yanında olduğu, bu faciənin xalqımızın əzmini sarsıda bilmədiyi, müstəqillik arzusunu daha da gücləndirdiyi bildirilib.
Tədbirin gedişində Omanda yaşayan Əsgər Ələkbərovun 20 Yanvar şəhidlərinə ithaf etdiyi videoklipi nümayiş olunub, şairə Qızbəs Qəbələnin (Azərbaycan) şeiri səsləndirilib.