EL televiziyasının “Sözün sehri” adlı müştərək layihəsi başa çatıb-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə elan olunan “Nizami ili” çərçivəsində  Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş və EL  televiziyası ilə birgə “Sözün sehri” adlı müştərək layihə hazırlayıb.

Kanal32.az  xəbər verir ki, layihə Nizaminin əsərləri əsasında 14 yaş və daha böyük yaş kateqoriyasından olan şəxslərin iştirakı nəzərdə tutulan qəzəl müsabiqəsindən ibarətdir. Ağdaş Regional Mədəniyyət İdarəsinin fəaliyyət dairəsinə daxil olan – Ağdaş, Göyçay,  Ucar və Zərdab rayonlarından 80 nəfər qiraətçi arasından seçilən 12 qiraətçinin 7 həftə davam edəcək müsabiqədə münsiflər qarşısında öz istedadlarını nümayiş etdirməsi nəzərdə tutulmuşdu. Müsabiqə şərtlərinə görə, sonuncu həftəyə qədər davam edərək qalib olan 3 iştirakçının qiymətli hədiyyələrlə mükafatlandırılacaqdı. Müsabiqənin 3 nəfərdən ibarət münsiflər heyətində pedaqoq Bəylər Bəylərov, filologoya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, şair – qiraətçi Vaqif Yaquboğlu təmsil olunub.

Avqustun 27-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Sözün sehri” qəzəl müsabiqənin ilk seçim turunda Ağdaş və Göyçay rayonlarından olan həvəskar qiraətçilərdən 6 nəfər münsiflər tərəfindən seçilərək müsabiqədə iştirak etmək hüququ qazandılar. Növbəti seçim turunda isə Ucar və Zərdab rayonlarının poeziya həvəskarları arasından 6 nəfər seçildi. “Sözün sehri” qəzəl müsabiqəsinin ilk turu və ilk efir buraxılışının çəkilişi sentyabr ayında baş tutdu. İlk turda münsiflər tərəfindən obyektiv qiymətləndirilərək  seçilən 12 iştirakçıya münsiflər tərəfindən təqdim olunan qəzəl, qəsidə, rübailər dinlənilib. Çıxışlara münsiflər, irad və tövsiyələrini bildirdikdən sonra, növbəti tura keçən iştirakçılara Nizami Gəncəvinin ilk poeması olan “Sirlər xəzinəsi”ndən parçalar hazırlamaq üçün tapşırıqlar verilib.

Noyabrın 10-da müsabiqənin finalı və qaliblərin mükafatlandırma mərasimi gerçəkləşib.Sonuncu tura qalan 3 iştirakçının yarışması daha maraqlı və həyəcanlı oldu. 7 həftə ərzində münsiflər tərəfindən ən yüksək balla qiymətləndirilən Ağdaş rayonundan qatılan Turanə Şıxəliyeva I, Göyçay rayonundan qatılan İradə Məmmədova II, Ağdaşın digər təmsilçisi Əfsanə Dostuyeva isə III yerə layiq görüldülər. Müsabiqənin yekun konsertində qaliblər qiymətli hədiyyələr və diplomla mükafatlandırıldılar. Müsabiqə “ARB Günəş” və “EL” televiziya kanalları tərəfindən yayımlanıb.

Kanal32.az