İran Suriyanın aqibətini yaşayacaq -Moskvadan ŞƏRH

“İranın narazılıqlarına Rusiyanın biganə qalacağını düşünməyə ciddi əsaslar var idi. Məsələn, İran üçün birmənalı qarşılanmayan Şuşa deklarasiyası Kremldə narahatlıq doğurmamışdı”.

Kanal32.az xəbər verir ki,bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bildirib ki, İran işini çətinə salır:

“Moskva 3 qardaş hərbi təlimlərini də susmaqla müşaiyət etmişdi. Gorus-Qafan yolundakı insidentlər də Rusiyanın maraqlarına zidd deyil. O ki, qaldı rəsmi Tehranın ekspluatasiya etdiyi “sionizm” mövzusuna, bu mövzuda bəyanatlara Rusiyanın rəsmi dairələrindən refleks gözləməyə ümumiyyətlə dəyməz. Demək ki, Moskvadan Azərbaycanın ünvanına Abdullahyanın səsləndirdiyi narazılıq səfərin daha mühim məqsədini gizlətmək xarakteri daşıyıb. Mən İranın nüvə proqramı ətrafında yaranan gərginliyi nəzərdə tuturam. İranlı nazirin ustalıqla nüvə proqramı ilə bağlı suallardan yayınması da, əlavə etməliyəm ki, süni göründü. Abdullahyan elə təəsürat yaratmağa çalışdı ki, İran üçün bu məsələ o qədər də mühim deyil. Amma mən hesab edirəm ki, İran ətrafında ciddi proseslər gedir.

Açıq desək, İran nüvə proqramı ilə bağlı öhdəlikləri 2 ildir ki, yerinə yetirmir və nüvə silahını əldə etmə ətrafında fəaliyyətini davam etdirir. Bu ABŞ və İsraildə ciddi problem kimi qəbul edilir. Deməliyəm ki, İranın nüvə silahı əldə etmək arzusu Avropa dövlətləri, o cümlədə Türkiyə və Azərbaycan tərəfindən də müsbət qarşılanmır. Bu ziddiyətin fonunda Azərbaycan İsrail münasibətlərinin artan inkişafı, Türkiyənin Şuşa deklarasiyası ilə Azərbaycanda möhkəmlənməsi İranda bir təlaş yaratmış olub. Mən İraq, Liviya, Suriyanın aqibətinin İranda təkrarlanacağı ehtimalını istisna etmirəm və müşahidə etdiyimiz isterikaya səbəb də bu təhlükədir”.

Milli.Az