Mingəçevir futbolunun qızıl səhifəsi-TARİXİ FOTOLAR

198

                                                                          Dünyasını dəyişmiş futbolçu dostlarımın  və                                                                                      məşqçilərimin unudulmaz    xatirəsinə   ithaf edirəm.

Ötən əsrin 60-cı illərinin  ortaları idi.Gənc sosialist  şəhəri Mingəçevir  özünün  inkişaf  dövrünü yaşayırdı. Yeni-yeni sənaye  müəssisələri, sosial- mədəni obyektlər tikilib isifadəyə verilir, yeni park və xiyabanlar salınırdı.Öz təmizliyi ilə seçilən şəhərimiz ilbəil   öz libasını dəyişir, adambaşına düşən yaşıllığa (28 m2) görə nəinki  respublika, keçmiş ittifaq göstəriciləri üzrə öncül  yerləri tuturdu.Cəmi 50 minə yaxın əhalisi olan şəhərdə 30-dan çox millət və xalqın nümayəndəsi yaşayırdı.Mingəçevir dəryası sahilində fəaliyyət göstərən   turist bazası əlverişli  istirahət məkanı kimi qısa bir  zamanda artıq  ölkə daxilindən kənarda da  tanınmağa başlamışdı. Onun ətrafında salınmış  şəhər çimərliyinin isə  regionda  bərabəri yox idi.

Şəhərdə  yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün həftənin 3 günü teatr binasının arxasındakı  meydançada rəqs  axşamları təşkil edilir,idman və bədən tərbiyəsinə xüsusi  diqqət yetirilirdi. O illərdə Mingəçevirdə xüsusi ilə sərbəst və klassik (yunan-roma) güləşi, boks, voleybol ( kişilər və qadınlar)basketbol, motobol (respublika çempionu olmuşlar), stolüstü tennis, şahmat, yüngül atletkanın  ayrı- ayrı növləri  və  əlbəttə ki, futbol kifayət qədər inkişaf etmişdi. Bu idman növləri üzrə  mingəçevirli gənclər  respublika yarışlarında uğurlu nəticələr əldə edirdilər. Bütün  müəssisələrin şəhər birincilikləri, spartakiadalarda  iştirak etməsi vacib sayılırdı.O, müəssisənin ki, rəhbəri  özü  bilavasitə  idmanı  sevirdi, orada  işlər  daha  yaxşı  qurulmuşdu.

(Voleybol üzrə respublika zona birinciliyi-Sağdan hücumda A.Sirulnik,ortada B.Mustafayev, sağda B.Tambiyev,Y.Qaqarin ad.şəhər stadionu,1966.)

Şəhərin bir sıra  müəssisə rəhbərləri, ələlxsus da “Azərkabel”, “Azərelektroizolyasiya”,“Azyolmaş” zavodlarının rəhbərləri Nikolay Suprin, Çingiz Ağayev və Nazim Əliyev belə rəhbərlərdən idilər. “Azərkabel”, “Azərelektroizolyasiya”   zavodlarında  güclü  futbol komandalrı yaradılmışdı. Şəhər birinciliklərində bu zavodların  komandaları əsasən finalda qarşılaşardılar. Odur ki, başda direktorlar  olmaqla stadionun  bir tribunasında   “Azərkabel”,  qarşı tribunada isə “Azərelektroizolyasiya”  zavodlarının kollektivləri əyləşər və çox çılğın azarkeşlik edərdilər. Elə şəhər yığma komandasının heyətini də əsasən bu zavodların oyunçuları təşkil edirdi. Təvəzökarlıqdan uzaq olsa da,onda mənim hələ  18 yaşım tamam olmasa da,  artıq şəhərin  idman həyatında kifayət qədər tanınırdım. Oyunumu çox bəyənən Lenin ordenli N.Suprinin  dəvətilə  “Azərkabel” də oynayırdım.  Həm  futbol, həm də voleybol üzrə şəhər yığmasının  tərkibində idim və ö dövr üçün heç də az əhəmiyyət kəsb etməyən “Şəhərin ən yaxşı idmançısı” adıyla  şəkilim şəhərin “Şərəf lövhəsi”nə vurulmuşdu.

(“Azərkabel” z-nun komandası:ŞƏKİLDƏ SAĞDAN 4-cü BAYRAM  MUSTAFAYEV)

…O vaxtlar hər məhəllənin   öz futbol meydançası və  komandası vardı ki, şəhərin bütün tanınmış futbolçuları bu “məhəllə  futbolunun məhsulları” idilər. Onların arasında keçirilən şəhər birincilikləri əsl futbol bayramına çevrilərdi. Bəzən düşünürəm ki, bu şəhərin əsasını  qoyanların da futbola böyük sevgiləri olub. Mingəçevir bəlkə də dünyada barmaqla sayılacaq şəhərlərdən olmuşdur ki, burada futbolun adını daşıyan küçə vardı.Belə ki, stadiona gedən küçə (hazırda Şəhriyar küçəsi) “Fütbolnaya” adlanırdı. Zənnimcə sonralar bu sayaq adlı  küçələrin- “Fütbolnaya”, “Şkolnaya”, “Svetoçnaya” və s. adlarının dəyişdirilməsinə lüzum yox idi.

Əlbəttə ki, Mingəçevirdə uşaq və yeniyetmə futbolunun  vüsət alması, kiçik bir şəhərin  “Ulduz” komandasının  keçmiş SSRİ kimi nəhəng bir  ittifaqın şəhərləri sırasında  keçirilən “Dəri top” birinciliyində bir dəfə gümüş, iki dəfə bürünc medal qazanmasında,  neçə-neçə usta futbolçunun,  o cümlədən, “Neftyanik”  Bakı , “Cernomorets” Odessa, “Dinamo” Kiyev, SSRİ yığma komandasının  qapısnı qorumuş Yuri Romenskini yetişdirmişdir. 31 yaşında şəhərdə ilk    “Əməkdar məşqçi”  adını almış (29 yaşında təqdim edilib.) və İdman Komitəsinə rəhbərlik etmiş, idman ustası Baba Xanlar oğlu  Mustafayevin isə danılmaz xidmətləri vardır. Və bu gün diqqətinizə çatdırmaq istədiyim və yazıma belə geniş giriş verməyim də   55 il bundan əvvəl  baş vermiş bir idman hadisəsinin  hec də təsadüfi   olmadığını bildirmək istəyimdən qaynaqlanır.

1965-ci ilin may ayı-şəhərin allı-yaşıllı, güllü –çiçəkli vaxtı idi. Çiçəkləmiş yasəmən ağaclarının ətri , həmişəyaşıl, zeytun, eldar  şamı, küknar, habelə Mingəçevir SES tikintisi ilə bağlı  su altında qalmış  Samux vadisinin meşələrindən gətirilmiş palıd, qovaq,qaraağac, tut,yemşan,vələs, və s. ağaclarının pöhrələri xeyli böyüyərək şəhərə xüsusi gözəllik, xoş əhval-rühiyyə  verirdi. Artıq şəhərin idman ictimayətinə məlum idi ki,  sovet futbolunun təbliği və Faşizim üzərində Qələbənin  20 illiyi ilə əlaqədar SSRİ-nin yeniyetmələrdən ibarət  ( o dövrdə 19 yaşa qədər)  yığma  futbol komandası  Zaqafqaziya  respublikalarına yoldaşlıq  görüşləri keçirməyə gələcəklər. Odur ki,  şəhər yığma komandasının heyətində olan futbolçular bütün işlərdən azad olunaraq məşqlərə cəlb olunmuşdular. Məşqlərə Penza şəhərində  əsgəri xidməti zamanı və  sonra orada çıxış etdiyi  ustalardan ibarət “Lokomotiv” komandasından ayrılaraq doğma Mingəçevirinə  qayıtmış  Baba Mustafayev rəhbərlik edirdi.Tanınmış nisbətən yaşlı futbolçular – Nazim (Qamza) Həmzəyev, Slavik Alekseyev də öz köməkliklərini əsirgəmirdilər.

Onuda bildirim ki, bu görüşə qədər bizim komandanın o dövr üçün sensasiya sayılacaq uğurları olmuş, SSRİ-i birinciliyinin  “B” qrupunda çıxış edən “Dinamo” Kirovabad və  ittifaqda kifayət qədər tanınan “Spartak” Ordconikidze (Vladiqafqaz)  komandaları ilə heç heçə (0:0) oynamışdıq. Odur ki, özümüzə yetərincə inamımız vardı.

Nəhayət, gözlənilən gün gəlib çatdı.5 minlik şəhər stadionuna  7-8 min futbolsevər  gəlmişdi. Hətta ağacların  qol-budaları da  uşaqlarla dolu idi. Bu futbol bayramına ətraf rayon  və kəndlərdən də  gəlmiş tamaşaçılar vardı.

Mingəçevirdən əvvəl qonaqlar  Bakıda olmuş və “Neftyanik” komandasının əvəzedici  heyəti ilə heç-heçə (2:2)  oynamış, Kirovabadın (Gəncə ) “Dinamo” komandasının yeniyetmə və  gənclərdən təşkil edilmiş heyətinə 3:2 hesabı ilə qalib gəlmişdilər. Oyundan bir gün  əvvəl bizimlə görüşən  şəhər rəsmisi qonaqlara qarşı diqqətli olmağı, kobudluğa  yol verməməyi ,bu oyunun sadəcə yoldaşlıq  görüşü olduğunu  nəzərimizə  çatdırdı və bizə uğurlar dilədi.

Qonaqların heyətində  sonralar  SSRİ-nin Olimpiya və   əsas yığma komandasında  oynayacaq futbolçular – qapıçı  Yuriy  Dekteryov,  müdafiəçilər Viktor Matviyenko , Mixael Fomenko, yarımmüdafiəçi Oleq Dolmatov,  hücumçular, Vladimir Plipçuk, Givi  Nodiya , Mixail Gerçkoviç, Eduvard Kazinkeviç  və  başqaları   çıxış edirdilər.

Bizim   komandamızın da  tərkibi  əsasən yeniyetmələr  olmaqla müxtəlif xalqların nümayəndələrindən ibarət  idi. Belə ki, komandada Mingəçevirdə yaşayan Mixail Kulaçenko ukraynalı, Evqeniy Podlaboşnikov,  Nikolay Rikutin rus, Anatoliy Sirulnik belarus, Gilyan Qəhrəmanov ləzgi və digər  millətlərin  nümayəndələri  oynayırdı.

Görüşü  Bakıdan gəlmiş hakimlər  idarə edirdi,  yan xətt hakimlərindən biri mingəçevirli respublika dərəcəli hakim  Adil Sultanov idi.

Oyun çox sürətlə başladı , qonaqlar olduqca  texnikalı  oyun nümayiş etdirirdilər. Açığı onların futbol köynəyində   yazılmış “SSRİ”  sözü,  şəhər rəsmisinin ciddi  tapşırıqları  və nəhayət, bu gənc ulduzların  artıq futbol aləmində tanınmaları, hamımızı  ehtiyatlı oynamağa sövq edirdi. Oyunun 1- ci hissəsində  qapıçımız  E. Podlaboşnikovun fədakar oyunu bizi  azı üç real qoldan  xilas etdi. Bizim hücumçular da  iki dəfə əlverişli  vəziyyətdən yararlana bilmədilər.

Fasilə zamanı Baba müəllim heç kimi  soyunub-geyinmə otağına  buraxmamağı  tapşırdı və bizi ruhlandıraraq: “Siz onlardan heç də pis oynamadınız, ancaq nədənsə çox ehtiyat edirsiniz. Cəsarətli oynayın, amma kobudluğa  yol verməyin. Kənardan baxanda elə mənzərə yaranır ki,  siz qonaq, onlar ev sahibidirlər. Heç nə sizi çəkindirməsin,  sərbəst oynayın. Bir şeyi nəzərə alın ki, tanışlarınız, doğmalarınız  sizin oynunuza baxmağa gəliblər, onları məyus  etməyin. Siz bu oyunu udmalısınız,  vəssalam!”- dedi. Və heyətdə bəzi dəyişikliklər etdi. Hücumçu Ralis Şəmilovu,  Nikolay Rikutin,  yarimmüdafiəçi Gilyan Qəhrəmanovu, hücumçu Eldar Söhrabov əvəz etdi.

Beləliklə,  komandamız görüşün 2 – ci yarısına dörd  hücumçu ilə başladı. Artıq birinci hissəsdəki komandadan əsər-əlamət  qalmamışdı. E. Söhrabovun   driblinqləri, N.  Rikutin və R.Kamalovun cinahdan  sürətli hücumları qonaqları  çaş-baş salmışdı. Şahin Əhmədli elə bu oyunda  da Şahin   idi. Mingəçevir futbolunun heç vaxt  unudulmaycaq  Şahini! Tahir  Nəbiyev,  Ramiz və Ralis  Şəmilov qardaşları gözəl oyun nümayış etdirir,müdafiədə təcrübəli M.Kulaçenko və A.Sirulnik dəqiq  oynayırdılar. Mən müdafiədə –  4 nömrə ilə , sonralar Donetskin  “ Şaxtyor”  və Olimpya yığma komandasının kapitanı  olmuş V.Plipçuka qarşı çıxış edirdim. O, olduqca texnikalı, sürətli və özündən razı bir oyunçu idi…..Açığı onun kimi  “publikaya ” oynamaq   həvəsi az da olsa məndə də vardı. Mənim hər  “nojnitsa” (qayçı)  zərbəm,  qarşıdan gələn topu onun   çiyni üzərindən  atılaraq başla vurmağım tribunalardakı   azarkeşlərimin sürəkli alqışları ilə qarşılanırdı.

Artıq oyun sona yaxınlaşırdı  və  88- ci dəqiqədə, görüşün başa çatmasına  cəmi 2 dəqiqə qalmış  Şahin Əhmədlinin sol cinahdan etdiyi ötürməni  qonaqların müdafiəçisi  başı ilə  geri qaytarmağa cəhd etsə də, topa  çata bilmədi. Bu an    cərimə  meydançasına daxil olan   Rafiq Kamalov  əlverişli vəziyyətdən topu qapıdan keçirdi.  Beləliklə ,  Mingəçevir- SSRİ yoldaşlıq görüşü  1:0 hesabı ilə   bizim xeyrimizə başa çatdı.

 

Ötən 55 il ərzində   şəhər stadionunda çoxlu sayda müxtəlif  səpkili tədbirlər,  idman yarışları olub,  ancaq tamaşaçıların bu sayaq coşqusuna  heç vaxt rast gəlinməyib desəm, yəqin ki, yanılmaram. Bu möhtəşəm qələbədən sonra   şəhər əhli, xüsusi ilə yeniyetmələr bizə qəhrəmanlar kimi baxırdılar. Bütün oyunçulara iş yerlərindən  pul mükafatları verildi. Görüşdən bir gün sonra şəhərdə o vaxtlar  yeganə olan və teatr meydanında yerləşən  restoranın banket zalında  (hazırda, “Mingəçevir” qazeti redaksiyası yerləşir) bizə ziyafət təşkil edildi  və ünvanımıza xoş  sözlər söylənildi. Əlbəttə ki, qonaqlar daha yüksək diqqətlə əhatə  olundular.

        Sözardı…

Növbəti 1966- ci ilin aprel ayında Mingəçevirdə SSRİ birinciliyinin  “B” qrupunda  çıxış edəcək  “Toxucu” futbol komandası yaradıldı.Komandanın heyətini formalaşdırmaq üçün kənar və yerli futbolçular  dəvət olundu, seçim məşqləri və  görüşlər təşkil edildi. Toplantıya o vaxtlar  “Neftyanik” komandasının əsasən  əvəzedici,(sonralar  əsas heyətdə də) çıxış etmiş və yetərincə  texnikalı bir oyunçu olmuş,  idman ustaları  Yusif  Allahverdiyev  və  Baba Mustafayev  rəhbərlik edirdilər. Bu toplantıya  yerli futbolçuların  əsas namizədlərdən biri kimi mən də dəvət almışdım.Çox təəssüf ki,  seçim görüşlərinin  birində sol dizimdən  ciddi zədə aldım və bununla da  mənim böyük futboldakı gələcək karyerama son qoyuldu.

…..Hərbi xidmətdə  olarkən  nisbətən müalicə olunub  Qazaxıstanda-Türküstan hərbi dairəsinin birinciliyində  çıxış edirdim. Qeyd edim ki, hərbi hissələrdən seçim edilmiş bu komandalarda çıxış edən yeganə azərbaycanlı idim. Oyunların biri   zamanı  ikinci dəfə dizimdən  ağır zədə aldım və  futbolla tam vidalaşmalı oldum.

Ordu sıralarından qayıtdıqdan sonra “Yol maşınları” zavodunda işlədiyim idman üzrə metodist vəzifəmi davam etdirməklə zavod idmançılarının uğurlarının sevincini yaşadım.Voleybol və yadro itələmək üzrə şəhər  çempionatlarının qalibi kimi doğma şəhərimi respublika yarışlarında  da təmsil etdim. Lakin Mingəçevirin  ustalardan  ibarət futbol  komandasında  oynamaq  mənə nəsib olmadı.

Hər daşına, küçə və xiyabanına uşaqlıq və  gənclik illərimin izləri hopmuş, bütün arzularımın beşiyi və qalası, həmişə qarşısında özümü borclu sandığım, sonsuz sevgimlə yanaşı, ölkəmizin hüdudlarında kənarda da sevdirməyə çalışdığım, gənclik və gözəllik şəhərim Mingəçevir günü-gündən öz görkəmini  dəyişir, müasirləşir…Lakin çox təəssüf ki, böyük futbol ənənələri olan və ölkənin peşəkar futbol klublarına və milli komandamıza xeyli sayda futbolçu yetişdirib vermiş Mingəçevir də öz tənəzzül dövrünü yaşayır…

…İllər  bir- birini əvəz edir. Hamımızın kirayəşini  olduğumuz  bu gəlimli-gedimli   dünya isə  öz işindədir. Nə xoş ki, yazımda  qeyd olunanları görən və xatirələrində yaşadan insanlar bu gün də var. Bu gün həmin qalib komandadan cəmi iki nəfər qalmışıq.Eldar Söhrabov və mən… Lakin , çox kədərlidir ki,   bu  insanların və bu  tarixi  qələbənin təminatçılarının bir çoxu  artıq dünyasını dəyişib. Hamısına Ulu Tanrıdan rəhmət diləyirəm! Və qürur duyuram ki, bu unudulmaz  görüşün, Mingəçevir futbolunun qızıl səhifəsinin yazılmasının iştirakçısı olmuşam.

   ŞƏKİLDƏ: Sağdan –sola:  qapıçı Yevgeniy Podlaboşnikov,  müdafiəçilər- Valeriy Martirosov, Anatoliy  Sirulnik, yarımmüdafiəçilər- Ramiz Şəmilov, Gilyan Qəhrəmanov,  müdafiəçi  Bayram Mustafayev, hücümçular- Şahin Əhmədli, Ralis Şəmilov, Rafiq Kamalov, yarımmüdafiəçi Tahir Nəbiyev.

(Komandanın kapitanı Mixail Kulaçenko,oyunun 2-ci hissəsində oynamış Eldar Söhrabov və Nikolay Rikutin  şəkildə yoxdurlar)

Mingəçevir, Y.Qaqarin adına  şəhər stadionu, May 1965- ci il

P.S. Bu günə kimi bu məqalənin dərc olunmasına şərait yaratmış “Çempion”, “Futbol+” qəzetlərinin və “Mingəçevir leysanı” jurnalının Baş redaktorlarına bir daha öz təşəkkürümü bildirirəm.

Müəllif:Bayram Mustafa(yev)                  

İdman, turizm və dövlət qulluğunun  veteranı