Qədim Qafqaz Albaniyasının tarixi-mədəni irsinə dair-I hissə

117

QƏDİM  QAFQAZ ALBANİYASININ TARİXİ-MƏDƏNİ İRSİNƏ DAİR

Arxeoloji   tədqiqatlar  göstərir  ki,  yurdumuzun  bir  milyon  beş  yüz  min  ildən   artıq    tarixi   vardır.   Bəşər  tarixində  ardıcıl   olaraq  ictimai – iqtisadi  mərhələlər keçmiş    məmləkətimiz  dünya  sivilizasiyasında   önəmli  yerlərdən  birini  tutur.  Yurdumuzun  ərazisində  yerləşən  ən  qədim  dövlətlərdən   biri  də  Qafqaz   Albaniyasıdır.   Arxeoloji  materialların   araşdırılması,  müxtəlif   arxiv  mənbələri, tədqiqatlar  bizə  imkan   verir   qeyd   edək  ki,    orta  əsrlərdən   başlayaraq,    Qafqaz    Albaniyasında    mədəniyyət   inkişaf   edir, xarici  əlaqələr  möhkəmlənirdi.   Orta  əsrlərdə,  Albaniyanın   ərazisi,  müasir   Azərbaycan    Respublikasının  eləcə  də,  Ermənistanın(Qərbi Azərbaycan),   Dağıstanın  bir  hissəsini  və  Şərqi  Gürcüstanın   indiki  ərazisini  əhatə  edirdi.

Görkəmli qafqazşünas tarixçi Yevgeniy Krupnov Yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin, bir şey də məlumdur. Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar.. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Eramızın   I  əsrindən  başlayaraq,   Roma  imperiyası  ərazisində  yaranmış  xristianlıq   dini  imperiya   ilə  iqtisadi  və  mənəvi  əlaqələri  olan   Cənubi  Qafqaza  da  yayılmağa   başlamışdır.   Alban  tarixçisi   Moisey  Kalankatlunun   “Aqvan  tarixi” əsərində   Qafqaz   Albaniyasında   xristianlıq   dininin   yayılması,  müxtəlif  kilsə  və  məbədlərin   tikilməsi  barədə  qiymətli  məlumatlar  vardır.  Tarixi  mənbələrdə  alban  kilsəsi  apostol  kilsəsi  adlandırılır.    Çünki,  xristianlığı   Albaniyaya   eramızın  54 – 57 –ci  illərində  apostol  müqəddəs   Yelisey  gətirmişdir.   Qafqazda  tikilən   ilk  xristian   kilsəsi  olan  məşhur   Kİş  məbədi  hazırda   Şəki  rayonunun   Kiş  kəndində   yerləşir.   Qax  rayonunun  Qum  kəndindəki  xristian  məbədi   memarlıq – konstruktiv  yerləşməsinə  görə  mütəxəssislərin  diqqətini  cəlb   edən  sənət  əsəridir.   Ləkit  kəndində  yerləşən  məbəd   də   arxaik  inşaat  üslubu  ilə  tikilmişdir.  Məşhur  Avey  məbədi   Qazax  rayonunun  ərazisində   yüksək  Avey  dağının   zirvəsində  yerləşmişdir.

Mütəxəssislərin  fikrincə, “alban”  sözü   türkdilli  tayfalarla  bağlıdır.   Belə  ki,   Orta  Asiyada  Qazaxıstanda   alban  adlı  türkdilli  qəbilə  yaşayır.   Çuvaşların  əcdadları   isə   Qafqaz  dağlarının  o  biri  tayından  gəlmiş  alpanlar   idi.

Tarixi  salnamələrdən   bildiyimizə  görə,  Alban  dövlətinin  tərkibində  26  müxtəlif  dildə  danışan  tayfalar  yaşayırdılar:  leqlər,  kaddusilər,  amardlar,  utilər, udinlər,  xınalıqlar (Quba),   buduqlar (Quba)  və  s. Alban  dövlətinin  paytaxtı  Kabalaka ( Qəbələ )  olmuşdur.  Qobustan  daş   kitabələrindən  məlum  olur  ki,  bizim   eramızın I – II  əsrlərində   Roma  və  Albaniya  arasında  artıq  diplomatik  və  ticarət əlaqələri  yaranmışdı.

Albaniya  çarı    III   Vaçaqanın  (487 – 510 )  hakimiyyəti  dövründə  Albaniyada  300  dən   artıq  kilsə  və  məbəd  tikilib.  VII əsrin  ortalarında  ölkədə  30  dan çox  monastır  olub.

Alban  katolikosluğunun  taxtı  IV – V  əsrlərdə  Dərbənddə    Çola  monastrında,  VI – VII  əsrlərdə  Bərdə  monastrında,    VIII – IX əsrlərdə   Ağdərə  rayonunda müqəddəs  Yelisey  monastrında,    X – XV əsrlərdə  Kəlbəcər  rayonunda    Xudavənd  monastrında,  XV – XIX   əsrlərdə  Gəncəsər  monastrında    yerləşmişdir. Məşhur  şərqşünas  alim,  akademik  Z. Bünyadov   VII  əsr  ərəb  müəllifi    Əl – Vakinin əsərini  tədqiq  edərkən,  maraqlı  tarixi  bir  kəşf  aşkar  etmişdi.  Məlum  olmuşdur  ki,   Ərəb  xilafətinin  başçısı  xəlifə  Müaviyə (661 – 680)   Qafqaz  Albaniyasına  qarşı  işğalçılıq  hücumuna  başlamaq   istərkən,  Abid  İbn Şəfiyyə  Əl – Curhumi  adlı  şəxsdən  Qafqaz  Albaniyasında   hansı   tayfaların  yaşadıqlarını  soruşmuşdur.   Hərbi  kəşfiyyat  xarakterli  məlumat  toplamaq məqsədilə  Qafqaz   Albaniyasında  olmuş  bu  şəxs  xəlifənin   sualına   cavab  olaraq   deyib  ki,  bu  ölkədə  türklər  üstünlük  təşkil   edir,  tayfalararası  ümumi  dili  türk  dilidir.

Tarix   bir  daha  sübut  edir  ki,  eramızın  V  əsrindən  başlayaraq,  Alban  provaslav  kilsəsi  ilə   erməni  qriqoryan  kilsəsi  arasında  daima  mübahisə  və  çəkişmələr  davam  etmişdir.    Ermənilər erməni  dilini  rəsmi  kilsə  dili  elan  edib,  alban  əlifbası  ilə  yazılmış  dini  kitabları,  salnamələri,  epiqrofik  yazıları  məhv  edirdi.

Alban   katalikosu   Nersesin   ədəbi – teoloji  irsindən  olan  nümunəsi – ana  dilində   dövrümüzədək  bir   əsəri  gəlib  çatmışdır  ki,  bu  da  XIII  əsr   türkdilli  alban   (qarqar – qıpçaq)    ədəbiyyatlarının  əldə  olan   şedevr  nümunənələrindəndir.

Moisey   Kalankatuklunun   “ Albaniya  tarixi”  əsəri   Albaniya  tarixinə  dair  qiymətli  mənbədir.  O,  yazırdı :  “Albaniya  xristianlığı  ermənilərdən  270  il  qabaq  qəbul  etmişdir.”

Akademik   Z. Bünyadov  yazırdı  ki,  bəzi  müəlliflər   tarixi təhrif  edir,   Albaniya    hökmdarı   Cavanşiri (628 – 680)  “erməniləşdirməyə”  çalışır.   Məsələn,   S.T. Yeremyan  onu  “alban – erməni  işxarı  Djuanşer “ adlandırır.   N.Aqınyan   isə  (Avstriya)    iddia edir  ki,    “ ümumiyyətlə  belə  bir  knyaz  olmamışdır”.  Bununla  əlaqədar    Kalankatuklunun  “Albaniya  Tarixi”  dən   Cavanşirlə  bağlı  1 – 2  epizodu  yada  salaq:

1.Cavanşir  İran  Sasanilərinin  Ərdəşir  (Mehranilər) sülaləsindən olan   Albaniya  knyazı  Varaz  – Qriqorun ikinci  oğlu  idi.   O,  İberiya   sərhədlərindən   Dərbəndə  və  Araz   çayına  qədər  olan  torpaqları  hakimi – mütləq  kimi  idarə  edirdi.

  1. İranlılar Albaniyaya  basqın  edirlər.  Bir  neçə  döyüşdə  Cavanşir   qələbə  qazanır.  Lakin  düşmənlər  Bərdəyə  daxil  olur   anasını   və  qardaşını  əsir  alir.  Cavanşir   Gürcüstan  knyazı   ilə  “Sarsılmaz  sülh  sazişi”  bağlayır  və  qonşusunun  köməyi  ilə  tezliklə    Uti      vilayətinə      yürüyür, orada  rastlaşdığı  bütün  iranlıları  qılıncdan   keçirir. O,  şəhəri  alaraq,  öz  anasını  və  qardaşını     azad   edir.  Cavanşirin  qələbələrini  görüb   eşidən   erməniyyə  və   Gürcüstan   əyanları   onun   üçün  öz   nəsillərindən  qız   seçib  onunla  qohum  olmaq   istəyirdilər. …

…Bu  gün Azərbaycan  ərazisinin  20 %-dən çoxu   Ermənistan  işğalı  altındadır.  Onlar  bu  torpaqlarda  yerləşən  milli   mədəniyyət   abidələrimizi qəddarcasına  dağıdırlar.   İşğal   zonalarında    dövlət   siyahısında   olan   yüzlərlə  abidə   qalmışdır.  İşğalçılar   geniş  miqyaslı ,   qeyri – peşəkar  arxeoloji    qazıntılar  aparır,  kurqanları  dağıdır,  qarət    etdikləri  tapıntıları  Ermənistana  daşıyırlar.

Lakin   ermənilər, Qafqaz   Albaniyası  tarixini  saxtalaşdıra   bilməzlər.  Çünki,   tarixçi  alimlərin  əlində  bununla  bağlı  kifayət  qədər   faktlar  vardır.

Gürcüstan   Elmlər  Akademiyasının  müxbir  üzvü     Gürcüstan  Əlyazmalar   Fondunun   baş  elmi  məsləhətçisi   Zaza   Aleksidze belə yazır: “Albaniyanın  ərazisi  qədim   Azərbaycan  torpaqlarıdır.  Azərbaycandakı  Alban   kilsəsi   erməni  kilsəsinin  tarixindən    daha   qədimdir “–bunları  deyən  Z. Aleksidze      qeyd  etmişdir  ki,   bununla  bağlı  yanlışlığa   yol   verən  ermənilər    sonradan  buna  görə  üzr  istəməyə    məcbur  olurlar.

Bu  gün  Azərbaycan  ərazisində   mövcud  olan  tarixi   abidələrin    adlarının  özünə  qaytarılması  istiqamətində   çox  böyük  addımlar   atılır. Qafqaz   Albaniyasının  tarixi  ilə  bağlı  həm  Azərbaycan,  həm  də  dünyanın   bir  çox   ölkələrindən   olan   albanşünas  alimlər  növbəti  araşdırmalara   başlamışlar.   Biz  inanırıq  ki,  görülən  işlər  bəhrəsiz  qalmayacaq  və  bu  gün  Azərbaycan  xalqının  hər  bir  nümayəndəsi,  azərbaycanlı  adını  daşıyan  hər  bir  insan   bu   işdə  bitərəf,  biganə  qalmayacaqdır.

Yazılı mənbələrin yoxluğu üzündən Şimali Azərbaycan ərazisində yaşamış  əhalinin eradan əvvəlki əsrlərdə sıravi şəxs adları məlum deyil. Tarixi taleyin xüsusi hökmü ilə  Qafqaz Albaniyasının yerli mənşəli yazılı abidələrinın bəzisi dövrümüzə qədim erməni dilində (qrabar) gəlib çatmışdır. Xristianlıq qəbul edilənə qədər və Albaniyada dövlət dilinə çevrilənədək albanların öz yazısı olmuşdu, bütün ölkə üçün tayfalararası ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.Antik müəlliflərə görə, albanlar hələ e. ə. I əsrdə öz yazılarından  istifadə  edirdilər.   V yüzilliyin əvvəllərində təkmilləşdirilmiş fonemli alban əlifbası fışıltılı və boğaz səsləri ilə zəngin idi.  V əsr erməni müəlliflərinin özlərinin  etiraf etdiyi kimi,  alban dili ermənilər üçün “yad” dil idi.

V – VII əsrlər alban yazısının çiçəklənmə dövrü hesab olunur.  Gürcü tarixçisi Şvanidze bu barədə belə yazır: “albanlar Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində gürcülər və ermənilərlə eyni dərəcədə bərabər fəallıqda iştirak edirdilər.”

Erkən alban ədəbiyyatı əlverişli tarixi – mədəni şəraitdə təşəkkül tapdı. Bu, müstəqil Alban dövlətinin mövcud  olduğu, müstəqil alban kilsəsinin fəaliyyəti dövrü idi.

Artıq  Qafqaz Albaniyası haqqında kifayət qədər məlumat və bilgilər toplanmışdır. Baxmayaraq ki, eramışdan əvvəl Azərbaycan torpaqlarında yaşayıb – yaradan bu xalq haqqında  tarixi yazılar, salnamələr, arxeoloji tapıntılar  vardır, bununla belə bir neçə xalq onu özününküləşdirir. Moskvada keçirilən ləzgi konfaranslarında ləzgilər, ermənilər və daha başqa xalqlar Qafqaz Albaniyasının onların soy – kökləri olduğunu sübuta yetirmək üçün dəridən – qabıqdan çıxırlar.

Bu gün dövlətimiz tərəfindən AMEA nın “Memarlıq və İncəsənət” İnstitutunda  strateji əhəmiyyətli “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsi çox mühüm və son dərəcə lazımlı bir məsələ olaraq vaxtında yaradılmışdır. “Qafqaz Albaniyası memarlığı və incəsənəti” şöbəsi yaranan gündən, şöbədə müntəzəm işlər gedir, belə ki, institutun rəhbərliyi tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyətlər təşkil edilir və bu səyahətlər müvəffəqiyyətlə başa çatdırılır.Balakən – Zaqatala, Qəbələ – Qax, Şəki, Qazax-Ağstafa və s. bölgələrdə qədim abidələr öyrənilir, Azərbaycan  Respublikasının işğal edilmiş torpaqlarında neçə – neçə alban abidələri  vardır və bu abidələr, məlum olduğu kimi, seporatçılar tərəfindən hələ də dağıdılmaqdadır.  Lakin, dünya birliyi bunlara  susaraq, həqiqətləri danır.

Bildiyimiz kimi,  artıq  Azərbaycanın  neçə –  neçə rayonunda azsaylı xalqların etnik folkloru  toplanmışdır. Bildirmək istəyirəm ki, bu xalqlar doğrudan da az qalmışdır və onların rahatlığı,  mənəvi təminatı   üçün dövlətimiz az işlər görmür.

Qloballaşan  dövrdə,  texnikanın   sürətlə  inkişaf  etdiyi  bir  zamanda  qədim  Azərbaycan  tariximizi  unutmamaq, tarixin  səhifələrini  vərəqləmək  hər  bir  azərbaycanlının  borcudur.   Tariximizi  bilmədən,  mədəniyyətimizi, adət – ənənələrimizi,  musiqimizi də  bilə  bilmərik.

Azərbaycan  Respublikasına   qarşı  əsassız   ərazi  iddiaları   irəli   sürən   erməni  millətçiləri   işğalçılıq  əməllərinə  haqq  qazandırmaq  məqsədilə    Qafqaz  Albaniyasının   xristian  məbədlərini,  monastr   və  kilsələrini   erməni  abidələri  elan  edirlər.  Azərbaycandakı   bütün   alban  xristian  abidələri   xalqımızın  mədəni  irsinə   aiddir.

Azərbaycanın   müxtəlif   bölgələrində   təşkil  edilmiş  arxeoloji   ekspedisiyalar   arasında     Mingəçevir,  Şamaxı,  Qəbələ,  Qax   və s. ekspedisiyaları  öz  məhsuldarlığı  ilə   diqqəti  cəlb   edir.  Qarabağda  daşdan   yonulmuş    19   insan  heykəli  qeydə  alınmışdır.   Bu  abidələr,   Seysulan (Tərtər r-nu ),   Şatırlı  ( Bərdə)  Suma,  Güllücə,  Şəfibəyli  (Ağdam)  kəndləri  yaxınlığında  aşkar  edilmişdir.  Bu  heykəltəraşlıq   abidələri  qədim  zamanlarda   Qarabağın   vahid  etnomədəni  məkana  daxil  olduğunu   təsdiq  edir.  Artsak  “Alban   tarixi”    əsərində   bütlər  dedikdə   Qarabağdakı  daş   heykəllərin    bir  qrupunu  nəzərdə  tutur.    Alban  bütləri   Azərbaycanın   “daş  babalar “ şərti  adı  altında  cəmlənmiş   daş  heykəllər  dairəsinə  daxildir.

Hələ  eramızdan  əvvəl   Qara  dənizin  şərq  sahillərindən   Xəzər  dənizinədək   böyük  bir  ərazini   – skiflər – türkdilli tayfalar  əhatə  edirdi.   Antik  müəlliflərin  yazılı  ədəbiyyat   materiallarında   Qafqaz  Albaniyasının  tayfa  ittifaqları    başçılarının  və  çarlarının   bir  çoxunun  adlarının   türk  mənşəli  olduğunu  yazır:  Bunlar  Aran,  Aray,  Ərbaq,  Baştaq,  Huray,   Hiyran,  Bəzək,  Yusaq,  Qaynaq,  Uray,   Satay,   Asay  və s.   idi.

Atropatenada    Sasanilərin  hakimiyyəti  illərində,  baş  atəşgah  Qazakada  Təxte – Süleymanda,   Qafqaaz   Albaniyasında  isə   Bakı  ərazisinin  daxil  olduğu   Paytarakan    vilayətində   yerləşirdi.   Tədqiqatçı   alim  D. Axundovun  fikrincə,  indi  “ Qız  Qalası” adlandırılan  arxaik  görkəmli  abidə   tarixi   mənbələrdə  adı  çəkilən    Paytarakandakı  yeddi  məşəlli   Baqnik  baş  məbədidir.    O,  bu  məbədin  əsasının   eramızdan  əvvəl  qoyulduğunu   ehtimal  edir.   Tədqiqatların   nəticəsindən   aydın  olur  ki,  bu  məbəd  vaxtilə  yerdən  çıxan  güclü  təbii   qaz  məşəllərinin  quyularını  aşkar  etmişlər.   Dəniz  sahilində  yerləşən  bu  abidə  uzun  müddət  mayak   kimi də   istifadə  olunmuşdur.    Qafqaz   Albaniyasında  eramızın  əvvəllərində   xristianlığın,   sonradan  isə   islam  dininin  yayıldığı   dövrdə   atəşgahların  hamısı  dağıdılmışdı.  Bu  məbədlərin   bir  hissəsi   sonralar   xristian  məbədlərinə   çevrilmiş,   əksər  hissəsi    isə  islam  dininin  yayıldığı  dövrdə    dağıdılmışdır.  Qafqaz  Albaniyasında   atəşpərəstlik  məbədlərinin  tikilməsi  eramızdan  əvvəl  VIII  əsrdə   Zərdüştlük  dininin   yayılması  ilə  əlaqədar  idi.

Bildiyimiz  kimi,  Herodotu  “tarixin  atası” adlandırırlar.  Onun  9  hissədən  ibarət   “ Tarix “ əsəri  yunan – fars müharibələrinə  və  bu  müharibələrin  ətrafında  baş  verən  hadisələrə  həsr  olunmuşdur.   Bu  kitabda  yer  alan  hadisələrdən  biri  də   Əhəməni  hökmdarı   Kirin  e. ə. 529 – cu  ildə  Tomiris xatun tərəfindən  öldürülməsi  ilə  bağlıdır.   Mənşəcə    Azərbaycan  türklərindən  ( massagetlərdən – baş  saklar ) olan   məşhur  qadın  sərkərdə,  dövlət  başçısı, Tomiris  xatun  gənckən  dul  qalır.   Herodot   yazır:   “Massagetlər   deyilənə  görə,  çoxsaylı  və  cəsur  bir  tayfa  olub.   Bəziləri  onları  skif  tayfaları  sayırdılar.   Massagetlərin   şahı  ölmuş,  tayfanın  başına  onun  dul  qadını    Tomiris  keçmişdi.  Kir  öz  elçilərini  göndərərək,  onunla  evlənmək  istədiyini  bildirir.   Ancaq  Tomiris  anlayır  ki,  Kir  onunla  evlənmək  yox, bu  yolla  Massaget  çarlığını  ələ  keçirmək  istəyir   və  elə  buna  görə  də  həmin  təklifi  rədd   edir. Belə  olduqda,  Kir  hiyləgərliklə    öz  istəyinə  nail  ola    bilmədiyini   görüb,   massagetlər  üzərinə  açıq  hücuma   keçir. Bu  döyüşdə  Tomirisin  oğlu  Sparqapis   əsir  düşür  və  özünü  öldürür.  Tomiris  qoşununun  və  oğlunun  aqibətindən  xəbər  tutan  kimi  öz   qoşunu  ilə  farsların  üzərinə  hücuma  keçir.  Bu  türk  tayfalarının  düşmənə  qarşı  keçirdiyi  ən   böyük  və  ən  qanlı   döyüş  idi.  Massagetlər  qələbə  çalır. Az   qala  farsların  hamısı  döyüş  meydanında  həlak  olur. Kir  də  öldürülür.  Onun  29  illik  hakimiyyətinə  son  qoyulur.

Tomiris  xatunun  rəhbərlik  etdiyi  Massaget  çarlığı  isə  onun adı  bizə  bəlli  olmayan  əri  tərəfindən    Dərbəddən  Şirvana  qədər  olan  Azərbaycan  torpaqlarında  yaradılmışdı.Massagetlər  əvvəlcə  Midiya  dövlətinə  tabe  olurlar, lakin  fars  əhəmənilər    türk    madayların    hakimiyyətini   zəbt  etdikdən  sonra   mərd  massagetlər  onlara   tabe  olmayaraq,   özlərinin  müstəqil  bəyliklərini    qurmuşdular.  Mərkəzləşdirilmiş   Qafqaz  Albaniyası   yaradıldığı  zaman  isə     massagetlər   Qafqaz  Albaniyasına   tabe   olmuşdular.”

Avropanın bir  çox  şəhərlərində , eləcə  də,  Ermənistanda   albanlara  aid  çox  sayda  əlyazmalar  saxlanılmaqdadır.   Onlardan  böyük  əksəriyyəti    XIV – XV   əsrlərdə     Ukrayna  və  Polşa  ərazisinə   köçmüş  albanların   yazılı  salnamələri,   ədəbi  və  fəlsəfi  nümunələri   və  tərcümə  əsərləridir.  Lakin,  onların  içərisində   Qafqaz  Albaniyasında,   yəni  Azərbaycanda  yaradılan  və  sonradan  üzü  dəfələrlə   köçürülərək  çoxaldılan     ədəbi – fəlsəfi  əsərlərə,  müxtəlif  dua  mətnlərinə  müqəddəs  kitablardan  alban  dilinə  edilmiş   tərcümələrə  də  rast  gəlmək  olur.

Vaxtılə Qəbələ Qafqaz   Albaniyasının paytaxtı olduğu  kimi, bu  gün  də  o, öz  mədəniyyətini,  gözəlliyini  saxlayır. Bir – birinin ardınca  keçirilən festivallar, beynəlxalq  sərgilər  buradakı  irəliləyişdən  xəbər verir.

2011 – ci il   17  dekabrında  Qəbələdə  Azərbaycan  Mədəniyyəti  fondunun   və   SEBA   (Seul – Bakı )  Azərbaycan  Koreya  Mədəniyyət Mübadiləsi  Assosiasiyasının   birgə  təşkilatçılığı  ilə  Qəbələ   II  Beynəlxalq    İncəsənət – Turizm   sərgisinin açılışı  olmuşdur.

Azərbaycan  və  Rusiyanın  xalq  rəssamı,  akademik  Tahir  Salahov  jurnalistlərə  müsahibəsində  bildirmişdir   ki,  ölkəmizin  nüfuzunun  formalaşmasında  mədəniyyət  mühüm  rol  oynayır.  Daha  sonra məşhur  azərbaycanlı  rəssam  deyir: “Mədəniyyət  hər  bir xalqın  vizit  kartıdır.  Ecazkar  mənzərəsi  olan  Qəbələ sənət  və  təbiət  gözəlliyinin  çox  uğurlu  şəkildə  uzlaşdığı  bir  məkandır.  Dörd  bir tərəfi  sıx meşəliklə  əhatə  olunan  dağların  ətəyində  belə  möhtəşəm  sərginin  təşkili  yaxşı  ideyadır  və  bura  rəssamlar  üçün  həm  də  gözəl  ilham  mənbəyidir.   Qəbələ  şəhərində  artıq  ikinci  ildir  ki, keçirilən  və yüksəs  səviyyədə  təşkil  olunan   bu  beynəlxalq  sərgidəki  əsərlərdə  daha  çox  qeyri  ənənəvi,  bəzən   hətta gözlənilməz  ifadə  texnologiyası   tətbiq  edilmişdir. “  

Bu gün  damarında  Azərbaycan  qanı  axan hər  bir  azərbaycanlı  vətənpərvərlik   hisslərilə  yaşayıb yaratmalıdır. Soy – kökümüzü,  tariximizi, keçmişimizi, coğrafi  ərazimizi,  mədəniyyətimizi, musiqimizi, incəsənətimizi öyrənməli,  unutmamalı  və  daima təkrarlamalıyıq. Mən,  Azərbaycanın  ulu  torpaqları  olan Qafqaz   Albaniyası  barədə,  xüsusilə  onun  mədəniyyəti,  tarixi  abidələri,  ənənələri,  Alban  xristianlığının ilk  dövrü  üçün xarakterik  olan  kilsə  tikililərindən,  bir  sözlə  Şərq  xristianlığına  məxsus memarlığın  bütün  növlərindən  söhbət  açmaq  istəyirəm.  Azərbaycanın müxtəlif  bölgələrində aparılan   arxeoloji  ekspedisiyalar  zamanı  alban  mədəniyyətini  əks  etdirən  müxtəlif  sayda  mədəniyyət  nümunələri  aşkar  edilmişdir.

Alban  mədəniyyətindən  danışarkən,  alban  xaç  daşlarından  söhbət  açmamaq  düzgün  olmazdı.   Azərbaycan  və  Ermənistanın  müxtəlif  bölgələrində  toplu  və  tək  halda  yazılmış  xatirə  daşları  və  stellalar  olan  alban   xaç  daşlarının  memarlıq – kompozisiya,  konstruktiv  və  dekorotiv – plastik  həlli  onların  məna  və  simvolik  özümlülüyündən  ayrılmazdır.   Alban  xaç  daşlarının  obrazları   bir  çox  əsrlər  ərzində,  əvvəlcə  dini  simvolika  stellalarının  obrazlarında  üzvi  şəkildə  çarpazlaşmış  iki,  sonra  üç  dinin  təsiri  altında  təşəkkül  tapmışdı.   Alban  xaç  daşlalrının  bütün  orijinallığı  və  erməni  xaçkarlarından əsaslı  fərqi  də  bundan  irəli  gəlir.

Araşdırmalar  göstərir  ki,  xaçların  yaranmasında  hələ  xristianlıqdan çox – çox əvvəl  qədim  türk  tayfalarının  böyük  rolu  olmuşdur.   O  zamanki   yerli  tayfaların  günəş  obrazını  yerdə,  torpaq  üzərində  yaradaraq,  ağac,  daş   üzərində  yüksəyə  qaldırmaq,   yenidən  göylərə  qovuşdurmaq  istəyi  xaçların  indiki  formasının  meydana  gəlməsinə  səbəb  olmuşdur.

…ARDI VAR…

Sehranə Kasimi

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent  

Kanal32.az