Novator bəstəkarlar – Azərbaycan bəstəkarı Fikrət Əmirov və Norveç bəstəkarı Edvard Qriq

97

Hələ XIX əsrin 40 – cı illərində Norveç bəstəkarı Ksorulf milli musiqi mədəniyyəti haqqında düşüncələrlə qayğılanırdı.Əslində, onun qarşıya qoyduğu məqsəd – musiqidə milli ideya idi.  Hələ 10 il öncə polyak bəstəkarı F. Şopen və rus bəstəkarı M. Qlinka ömürlərini  bu işə həsr etmək qərarına gəlmişdilər. Çox – çox sonralar, XX yüzilliyin başlanğıcında dahi Azərbaycan bəstəkarı  Ü. Hacıbəyli bu yolda, lazim gələrsə, həyatını qurban verməyə hazır idi. Lakin, Ksorulf Norveç üslubunda yalnız romans və xor musiqisi bəstələyirdi. XIX əsrin 60 – cı illərində onun  davamçısı kimi tanınmış skripkaçı Yuxan Svensen musiqiçilər truppası ilə ölkədən ölkəyə qastrol səfərləri edərmiş. Yuxan Svensen Norveç simfonizminə yol açdı, lakin Edvard Qriq öz dahiliyi sayəsində simfonik musiqini “norveçləşdirdi”, – daha dəqiq desək, milliləşdirdı. Özündən sonra gələn Norveç bəstəkarlarının dörd nəsli üçün  E. Qriq milli musiqi tarixinin ən parlaq şəxsiyyəti, bir növ onun rəmzi olaraq, digər Norveç bəstəkarları və musiqiçiləri üçün sənət meyarı olaraq qalmaqdadır. Dünya miqyasında E. Qriq yaradıcılığının uğurlarının başlanğıcı onun 1888 – ci ildə London konsertləri ilə baglıdır. Artıq Londondakı çıxışlarından öncə E. Qriq özünün ən sayımlı əsərlərinin çoxunu yazıb yaratmışdı.

Qriq  1876 – cı ildə H. Ibsenin xahişi ilə bütün dünyaya səs salmış “Per Günt” əsərinə musiqi yazır və daha sonra həmin musiqi əsasında 2 simfonik süita yaradır.  Bu iki süita, dram əsərinin özü kimi, böyük əks – səda doğurur və indiyədək simfonik orkestrlərin repertuarından düşmür.

Norveç novator bəstəkarı Edvard Qriqiin adını   bir çox dünya şöhrətli  bəstəkarlar ilə və eləcə də Azərbaycan bəstəkarlarından Yaxın Şərqdə milli musiqinin banisi kimi tanınan Ü.Hacıbəyli ilə, Qara Qarayevlə, F.Əmirovla, C.Hacıyevlə və bu kimi başqa bəstəkarlar  ilə bir sırada çəkmək doğru olardı.

Lakin mən, Edvard Qriq yaradıcılıgından söhbət açarkən,  Azərbaycanın görkəmli bəstəkarı F.Əmirov yaradıcılığını da vurğulamaq istərdim. F.Əmirovun əsərləri dərin köklərlə milli zəminə bağlıdır. Eynilə, Norveç bəstəkarı Edvard Qriq kimi, Fikrət Əmirov da  xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dərinliklə dərk edir ki, onlar bəstəkarın özünəməxsus dəst-xəttinin, musiqi dilinin xüsusiyyətlərinə çevrilir. Yəni xalq musiqisi F. Əmirovun öz fikir və hisslərini ifadə etmək üçün doğma dildir. F.Əmirovun yaradıçılıq üslubu iki özəyin – Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranmışdır. Öz sənət amallarının təcəssümü üçün yeni yollar axtaran bəstəkar forma və ifadə vasitələrinə görə novator əsərlər yazmışdır. Bu novatorluq Azərbaycan bəstəkarı Fikrət Əmirovu      Norveç bəstəkarı  Edvard Qriq ilə eyniləşdirir. Hər ikisi öz vətənlərinə layiqincə xidmət etmiş və hər ikisi öz musiqi mədəniyyətinə bir yenilik gətirmişlər. Hər şeydən əvvəl, qeyd edək ki,  F. Əmirov Azərbaycan musiqi tarixinə iki janrın – simfonik muğam və muğam-poema janrlarının yaradıcısı kimi daxil olmuşdur. Beləliklə də, bəstəkar professional musiqinin şifahi və yazılı ənənələrə əsaslanan iki təbəqəsinin qovuşdurulmasına nail olmuşdur. Məhz buna görədir ki, F.Əmirovun dərin milli ruhlu əsərləri ümumbəşəri keyfiyyət kəsb edir.    F.Əmirovun əsərləri dünyanın ən böyük konsert salonlarında səslənərək, Niyazi, Stokovski, Münş, Svetlanov, Rojdestvenski  kimi görkəmli dirijorların repertuarını bəzəmişdir. Sənətkarın yetişməsində, dünya görüşünün formalaşmasında onun boya-başa çatdığı mühitin böyük rolu vardır. Belə ki, xalq musiqisi uşaqlıqdan F.Əmirovun qanına hopmuşdur. Məhz,E. Qriq haqqında da eyni fikirləri səsləndirə bilərik. Çünki, E. Qriq də sırf milli ruhda yazan ilk Norveç novator bəstəkarı olmuşdur. Məhz o da, milli ruhda əsərlər bəstələmişdir.

     

  1. Qriqin 1868 –ci ildə yazdığı Fortepiano ilə Orkestr üçün Konserti də dünyanın ən tanınmış pianoçularının repertuarında daima yer almışdır. Qriq əsərlərinin ifasında özü pianoçu kimi tez – tez çıxış edərdi. Məsələn, violo ilə fortepiano üçün Sonatasını Pablo Kazals kimi ən məşhur violonçel çalanla, violino ( skripka) ilə fortepiano üçün I və II Sonatalarını isə G. Venyavski kimi virtuozla ifa edərmiş. Çox zaman onu “Quzeyin (şimalın) Şopeni” adlandırırdılar.
  2. Qriqin məktubları da olduqca böyük maraq doğurur. Məsələn, onun Brams haqqında yazdıqlarından: “Duman və buludların arxasından parça – parça görünən, əski kilsə və məbədlərin xarabalıqları uyuyan şəhərlərin əcaib mənzərələri”.  Bu yazıları oxuyarkən onun nə qədər incə ruhlu, romantik və sentimental bir insan olduğunu bir daha görürük.

Ümumiyyətlə, Edvard Qriqin doğulduğu şəhər olan Bergen şəhəri o vaxtlar Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin  “ Per Günt” dramına bəstələdiyi – “İnqridin giley – güzarları”, “Ərəb rəqsi”, “ Per Güntün vətənə qayıdışı”  kimi ölməz əsərləridir. Qriq 125 mahnı və romans  yazmış,  ölümündən sonra daha 20 pyesi işıq üzü görmüşdür. Əsərlərini bir qayda olaraq Norveç və Danimarka şairlərinin  şerləri üzərində yaratmış Qriq, nadir hallarda H. Heyne, A.Şamisso və L. Ulanda kimi alman şairlərinə də müraciət etmişdir.

Edvard Qriq Romantik bəstəkar idi. “ Şimalın Şopeni” adlandırılan Qriq ən gözəl piano əsəri olan a moll( lya minor) Konsertini məharətlə ifa edirdi.Onun musiqilərində Şərq ladlarına da rast gəlirik.

Bəstəkarın vəfatında  isə 30 – 40 min insan yıgışmışdı. Edvard Qriqin öz istəyi ilə onun yas mərasimində mərhum dostu Rixard Nordraaka ( Norveçin dövlət himninin bəstəkarı) yazdığı dəfn marşı səslənmişdir. Edvard Qriq Norveç xalqının sevimli bəstəkarı olaraq qalır.

Hər iki bəstəkar, Norveçin novator bəstəkarı Edvard Qriq və Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Fikrət Əmirov zəngin yaradıçılıqları ilə dünya musiqi mədəniyyərinə töhvələr vermiş və  əsərlərilə dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşlar.

 

Sehranə Kasimi

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent  

Kanal32.az